Dünya Bankı tövsiyə edir - MÜZAKİRƏ  

10:24 22.06.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bəlkə elə hadisələr baş verdi ki, Azərbaycanın idxal imkanları sıfıra düşdü

İlk növbədə, real sektorun maliyyəyə tələbi yaradılmalıdır

Dünya Bankı Azərbaycana 3 əsas istiqamət üzrə islahat aparılmasını vacib amil kimi tövsiyə edib. Bunlar maliyyə resurslarına cıxış, iqtisadi rəqabət mühiti, yaxşı bacarıqlı insan resurslarına çıxış istiqamətləridir.

Maraqlıdır, Azərbaycan sadalanan istiqamətlər üzŕə konkret hansı islahatları aparmalıdır ki, həmin islahatların nəzərəçarpacaq nəticələrini müşahidə etmək mümkün olsun?

Mövzu ilə bağlı qəzetimizlə fikirlərini bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda bir çox sahələrdə islahatların aparılmasına ehtiyac var:

“Məsələn, bank sektorunda islahatların aparılması zəruridir. Yeni effektiv maliyyə çıxışlarına imkanların yaradılması üçün kredit sistemi yenidən qurulmalıdır. Dünyada insanlar sıxıntı, problemlə üzləşəndə kreditə əl atır, Azərbaycanda isə kreditə əl atan şəxs sıxıntı, problemlə qarşılanır. Ona görə ki, bizdə faiz dərəcələri olduqca yüksəkdir. Aşağı faiz dərəcəli uzunmüddətli kreditlər demək olar ki, nə adi vətəndaş üçün, nə də  sıravi iş adamı üçün yoxdur. Düzdür, biz indi Beynəlxalq Bankın və digər bank cinayətlərinin araşdırmalarında, MTN işində görürük ki, Azərbaycanda aşağı faizlərlə, hətta faizsiz kreditlər verilib. Amma bu kreditlər oliqarxlara verilib. Biz istəyirik ki, bu cür vəsaitlər, sıravi vətəndaşa, iş adamına da verilsin. Azərbaycanın buna kifayət qədər imkanı var. Azərbaycanın 55 milyard aktivləri var. 55 milyard aktiv il ərzində bir faiz belə mənfəət gətirmir, divident gətirmir. Əgər divident gətirmirsə, bu nəyə görə hansısa aktivlərə yatırılır. Keçən il konkret deyim ki, Neft Fondunun aktivləri 0,32 faiz dvident gətirib. Çox demirik, bunun 6-7 milyardı ölkəyə yönəldilməklə Azərbaycan vətəndaşına 5 faizlə kredit verilə bilər. Eyni zamanda, iş adamlarına kredit imkanları genişləndirilə bilər ki, onlar da normal pul qazanarlar. Bu məsələnin bir tərəfidir, yəni, ölkədə pul-kredit siyasətinə yenidən baxılmalıdır”.

Mütəxəssis hesab edir ki, geniş maliyyə resursları üçün həm də beynəlxalq aktivlərə çıxış imkanları yaradılmalıdır: “Bununla bağlı ölkə daxilində bank haqqında qanunvericilik dəyişməlidir. Dünyanın öncül bankları Azərbaycanda birbaşa fəaliyyət göstərməyə imkan qazanmalıdır. İndi dünyanın aparıcı bankları hansısa yerli bir bankdan müştərək şəkildə fəaliyyət göstərir. Onlara birbaşa Azərbaycan bazarına girmək imkanı yaratmalıdırlar. Təbii ki, bunun üçün ilk növbədə rəqabətə davamlı bank sistemi yaratmalıyıq. Biz bilirik ki, bu gün iqtisadiyyatın özündə ən böyük problem inhisarçılıq, rəqabət mühitinin zəif olmasıdır. Sahibkarlar var ki, imkan versələr Azərbaycanda xariqələr yaradarlar. Lakin imkan vermirlər. Məsələn, bir iş adamı Gürcüstanda 3 mərtəbəli otel tikmək istəyirdi. Bir gün ərzində aidiyyəti qurumlar onun müraciətinə baxıb müsbət cavab verdilər. Hətta təklif etdilər ki, orada otelə tələbat yüksəkdir, otel 3 mərtəbəli deyil, 9 mərtəbəli olsun. Tikinti üçün lazım olan həmin vəsaiti də güzəştli kredit şəklində sahibkara ayırdılar. Hazırda 5 ilə yaxındır ki, həmin sahibkarın Gürcüstanda oteli fəaliyyət göstərir, çox yaxşı da pullar qazanır. Bunu Azərbaycanda etmək olmazdımı? Təbii ki, olardı. Amma süni əngəllər, maliyyə resurslarına çıxış imkanlarının zəifliyi buna imkan vermir. Azərbaycanda bu problemlər aradan qalxmalıdır. Hazırda ölkəmizdə idxal ildən-ilə çoxalır. Bu Azərbaycanın milli təhlükəsizliyinə birbaşa təhdid yaradır. Sabah kim nə bilir regionda hansı kataklizmlər meydana gələcək? Bəlkə elə hadisələr baş verdi ki, Azərbaycanın idxal imkanları sıfıra düşdü. O zaman Azərbaycan nə edəcək? Və yaxud bu gün Azərbaycan idxalı neftdən gələn dollar hesabına reallaşdırır. Tutaq ki, sabah güçlü zəlzələ oldu və bütün neft mədənləri sıradan çıxdı. O zaman nə edəcəkyik? Ona görə də Azərbaycan hökuməti həm də praqmatik idarəetmə metodlarına keçməlidir”.

Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı-ekspert Eldəniz Əmirov deyib ki, Dünya Bankının nəzərdə tutduğu hər üç istiqamət vacib istiqamətlərdir:

”Bunlardan ən vacib iqtisadi rəqabət mühiti, yaxşı bacarıqlı insan resurslarına çıxış istiqamətlərini hesab edirəm. Hazırda Azərbaycanda maliyyə resurslarına çıxış imkanları pis deyil. Yəni, ölkədə kredit vermək istəyən kifayət qədər təsərrüfat subyektləri, banklar vardır, bank olmayan maliyyə təşkilatları mövcuddur. Amma bunun qarşılığında yenə də kreditlərin hamısı lazımı qədər satılmır. Çünki bazarda buna tələb yoxdur, tələbin olması üçün isə güclü iqtisadi mühit, iqtisadi mühitin olması üçünsə rəqabət və bu rəqabəti işlək mexanizmə salan insan resursları olmalıdır. Ona görə Dünya Bankının ikinci və üçüncü təklifini daha yüksək qiymətləndirirəm. Həqiqətən də Azərbaycanda insan resurslarının, insan kapitalının artırılmasına yönəlik işlərin görülməsinə çox böyük ehtiyac var.

Bu gün Sahibkarlığın İnkişafı Fondu güzəştli kreditlər verir. Bəzən ilsonuna olur ki, bu güzəştli kreditlər ayrıldığı qədər satılmır. İqtisadiyyat o həcmi tələb etmir, daha az tələbi var. Ona görə də ilk növbədə, real sektorun maliyyəyə tələbi yaradılmalıdır”.